Tarih: 22.10.2024 15:05

Müraciət

Facebook Twitter Linked-in

                              Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin

                              Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan

                               Qasımov Fazil Şakir oğlu tərəfindən

                                     

                                          Müraciət

   Bu müraciəti həm Azərbaycan xalqına, həm də mənə və iqtisadçı alim Qubad İbadoğluna siyasi motivli cinayət işi açılmasına qərar verənlərə ünvanlayıram.

    Əvvəla qeyd edim ki, mən 2022-ci ilin yanvar ayından etibarən ictimai əxlaq, iqtisadiyyatda etika mövzularında mediada yazılar yayınlayırdım. Təəssüf ki, mən həbs ediləndən sonra o yazılar silinib. Məni bu mövzuda yazılar yazmağa vadar edən səbəb, iqtisadçı alim Qubad İbadoğlu ilə birlikdə Azərbaycan iqtisadiyyatı ilə bağlı apardığımız tədqiqatların nəticələri və xeyriyyəçi iş adamı Mübariz Mənsimova qarşı qurulan məkrli oyunlarla, haqsızlıqlarla bağlı apardığım fərdi araşdırmalar idi. Bu iki mövzuda apardığım araşdırmalar iqtisadiyyatda informasiya asimmetriyası probleminə məndə maraq yaratdı. Mən Azərbaycanda sadə vətəndaşların, onların həyatına təsir edən, hətta taleyini şəkilləndirən ölkə iqtisadiyyatı ilə bağlı nə qədər məlumatsız olduqlarını və siyasi güc mərkəzləri tərəfindən həqiqətlərin ictimaiyyətdən gizlədildiyini görüb həm onları ölkə iqtisadiyyatı ilə bağlı maarifləndirmək, həm də bu mövzuya elmi yanaşma ortaya qoymaq qərarına gəldim. Mənim tədqiqat mövzum dünyada bir doktorant tərəfindən ilk dəfə araşdırılırdı. Çünki, bu mövzuda tədqiqat aparmaq korrupsiyaya bulaşmış siyasətçilərin maraqlarına ziddir. Bu mövzuda araşdırmalar apararaq mənim həm insanlığa, həm də iqtisad elminə böyük faydam ola bilərdi. Hətta, Azərbaycana ilk Nobel mükafatını gətirə bilərdim. 

     2021-ci ilin payızında mən risk edib bu mövzuda araşdırmalara başladım. YTB təqaüdçüsü olduğuma görə Türkiyə dövlətinin mənim təhlükəsizliyimi təmin edəcəyinə inanıb elmi tədqiqatlarımı İstanbul Universitetində davam etdim. Mənə və Qubad İbadoğluna açılan siyasi motivli cinayət işi əslində dünyadakı iqtisadçı alimlərə, ekspertlərə qarşı korrupsiyaya bulaşmış siyasətçilərin qəzəbinin təzahürüdür. Biz iqtisadçılar peşə etikamızdan irəli gələn məsuliyyətimizi yerinə yetirərək apardığımız araşdırmalarla xalqı /ictimaiyyəti maarifləndiririk. Onlar isə bizi saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb edərək, törətdikləri korrupsiya cinayətlərini ört-basdır etməyə çalışır. Bu korrupsiyaya bulaşmış siyasətçilərlə sosial məsuliyyətli iqtisadçıların mübarizəsidir. İkisi arasında fərq budur ki, korrupsiyaya bulaşmış siyasətçilər öz şəxsi maraqları üçün mübarizə aparır, sosial məsuliyyətli iqtisadçılar isə ictimai maraqlar ( xalqın maraqları ) üçün mübarizə aparır. Ona görə də Azərbaycan xalqı ictimai maraqlar üçün mübarizə aparan iqtisadçılara qarşı şər-böhtana, insan hüquqları pozuntularına səssiz qalmamalıdır. Bu Azərbaycan xalqı üçün bir imtahandır. Bu imtahandan uğurla keçmək Azərbaycan xalqına Cənubi Koreya əhalisi kimi rifah, dayanıqlı inkişaf, demokratiya, hüquq və azadlıqlar gətirəcək, bu imtahandan kəsilmək isə Azərbaycan xalqını Şimali Koreya əhalisi kimi hüquq və azadlıqları tanınmayan, milli sərvətləri şəxsi hesablara köçürülən, yoxsul, məzlum xalqa çevirəcək, ölkəmizi isə beynəlxalq sanksiyalarla üz-üzə qoyacaq.

      Dünya gündəmini yaxından təqib edənlər bilir ki, son 10 ildə yeni dünya nizamının yaranması prosesi gedir. Bu prosesdə demokratik islahatlar aparan ölkələrə münasibətlə demokratik qüvvələri hədəf olan ölkələrə münasibət kəskin fərqlənir. Birincilər inkişaf etmiş demokratik ölkələr üçün dost ölkələr, ikincilər isə düşmən və ya potensial təhlükə yaradan ölkələr olaraq qəbul edilir. Hal-hazırda Azərbaycan hakimiyyəti demokratik qüvvələrə qarşı siyasi repressiyalar apardığına görə ölkəmiz ikincilərin sırasındadır. Biz ( Qubad İbadoğlu və mən ) Azərbaycanı birincilərin sırasına qatmaq üçün mübarizə aparırıq. Bunu ona görə istəyirik ki, biz ölkəmizi və xalqımızı sevirik, ölkəmizin Şimali Koreya, İran, Rusiya, Belarus və s. kimi beynəlxalq sanksiyalarla üzləşməsini, sivil dünyadan təcrid olunmasını, xalqımızın hüquq və azadlıqlardan məhrum yaşamasını, inkişafdan qalmasını, korrupsiya xərçəngindən əziyyət çəkməsini istəmirik. Biz həm də Azərbaycanda korrupsiya ilə təsirli mübarizə aparmadan demokratik islahatlar aparılmasının və birincilərin sırasına qatılmağın qeyri-mümkün olduğunu bilirik. Ona görə, biz apardığımız iqtisadi araşdırmalarla, irəli sürdüyümüz sosial təşəbbüslərlə Azərbaycanda korrupsiya ilə mübarizəyə və demokratik islahatların aparılmasına töhfə verməyə çalışırıq. Hərçənd, AYEF layihəsinin ideyası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əməkdaşları tərəfindən mənə qarşı edilən haqsızlığın nəticəsində yaranıb, biz AYEF layihəsini Azərbaycan gənclərinə xaricdə təhsil imkanları yaratmaqla birlikdə, həm də demokratik düşüncəli, azad təfəkkürlü gənclərin sayını artıraraq Azərbaycanı birincilərin sırasına qatmaq məqsədilə həyata keçirirdik. Biz AYEF layihəsi ilə mindən çox azərbaycanlı gəncin dünyanın ən nüfuzlu universitetlərində təhsil almasına imkan yaradan “2022-2026-cı illər xaricdə təhsil üzrə dövlət proqramı” nın qəbul edilməsinə nail olduq. Biz Böyük Britaniyada müsadirə edilmiş  azərbaycanlılara məxsus aktivlərin AYEF-ə ianə olunmasını təklif etdik. AYEF layihəsi Böyük Britaniyada çirkli pulların yuyulması ilə mübarizə sahəsində bugünə qədər irəli sürülmüş ən uğurlu sosial layihədir. Biz həm də apardığımız iqtisadi araşdırmaları ictimailəşdirərək Azərbaycan Dövlət Neft Şirkətindən ( SOCAR ) 1 milyard dollardan çox dövlət vəsaitini mənimsəyən sabiq rəhbərliyin 2022-ci ildə yüksək təhsilli, biznes idarəçiliyində təcrübəli, korrupsiyaya bulaşmamış şəxslərlə dəyişdirilməsinə nail olduq. Lakin, Azərbaycanın iqtisadi zənginliklərindən xalqımızın faydalanmasını istədiyimizə, Böyük Britaniyada azərbaycanlılardan müsadirə edilmiş  və Milli Cinayətlər Agentliyinin ( NCA ) balansına keçmiş aktivlərin /vəsaitlərin AYEF vasitəsi ilə Azərbaycan gənclərinin təhsilinə yönəldilməsini təklif etdiyimizə və bu məqsədlərə nail olmaq üçün əməli işlər gördüyümüzə görə, korrupsiyaya bulaşmış məmurların qəzəbinə tuş gəlmişik. Onlar bizi gözdən salmaq, ləkələmək və cinayətkar kimi xalqa təqdim etmək üçün ən çirkli yollara əl atıb; bizi saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb edib; məni siyasi sifarişlə, qanunsuz olaraq Türkiyədən deportasiya etdirib, qollarım qandallı 2 İŞİD terrorçusu ilə özəl jetdə Azərbaycana gətirib, daha sonra mənə dəhşətli işgəncələr verərək, ləyaqətimi alçaldaraq, ailəmlə açıqca təhdid edərək, keçmiş vəkilim Qasımlı Anar Elman oğlunu ələ alaraq, çayıma psixotrop maddələr qataraq məni yalan ifadə yazmağa və həmin ifadəni üzləşdirmədə təsdiqləməyə məcbur edib, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, BMT-nin İşgəncələrə qarşı konvensiyasının, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının bir çox maddələrini pozaraq sübutları saxtalaşdırıblar. Mən aylarla psixotrop maddələrin təsiri altında psixi iztirab, əzab çəkdiyimə, müdafiəsiz, vəkilsiz qaldığıma, ailə üzvlərimə zərər verəcəklərindən qorxduğuma, kamerada hər gün öldürülməklə hədələndiyimə, mənə güclü psixoloji təzyiq göstərildiyinə görə başıma gələn müsibətləri, başıma açılan oyunları, məruz qaldığım kobud insan hüquqları pozuntularını, mənəvi terroru, barbarlığı, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ( BMCMİ ) baş müstəntiqi Yusifov Yusif Aslan oğlu tərəfindən aparılan qanunsuz istintaq hərəkətlərini 9 ay ictimailəşdirə bilmədim. Hətta, həmin dövrdə psixi iztirablar çəkdiyimdən, psixotrop maddələrin təsiri altında olmağımdan istifadə edib, kameradakıların vasitəsilə əzab verib məni müxtəlif qurumlara, şəxslərə məktublar yazmağa məcbur etdilər. Ancaq çox ağır iztirablar içində olsam da, özümdə güc tapıb, ailəmin həyatını təhlükəyə atıb may ayının əvvəlində Azərbaycan Respublikası Baş prokuroruna, Ombudsmana yazdığım ərizələri 14 iyunda ictimailəşdirib haqq-ədalətin öz yerini tapması üçün aclığa başladım. (qida qəbulundan imtina etdim). Bu gün 125 gündür ki, aclığı davam edirəm. Qeyd edim ki, iqtisadçı alim Qubad İbadoğlu azadlığa çıxan kimi ona məktub göndərib mübarizədən çəkilməməsini xahiş etmişəm. Tələblərimiz yerinə yetirilməsə, biz məruz qaldığımız şər-böhtana, insan hüquqları pozuntularına görə barəmizdə cinayət işi açılmasına qərar verənlərin, mənim Türkiyədən deportasiya olunmağım üçün Türkiyə rəsmiləri ilə görüşlər keçirənlərin, mənim Türkiyədən deportasiya olunmağıma qərar verənlərin, BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovayanın və onunla Bakıda görüşənlərin beynəlxalq məhkəmələrdə mühakimə edilməsinə nail olacağıq. Barəmizdə açılan siyasi motivli cinayət işinə xitam verilməməsi onların özlərinə ziyandır. Hətta, biz həyatımızı itirsək də, onlar beynəlxaq tribunalda mühakimə olunmaqdan yaxalarını qurtara bilməyəcəklər, əksinə cəzaları qat-qat ağırlaşacaq.

      Bəşər tarixinə nəzər salsaq, görərik ki, o xalqlar azadlığa qovuşub, inkişaf edib ki, tarixin yol ayrıclarında doğru qərar verib/seçim edib; mübarizədən çəkinməyib, ictimai maraqları, haqq-ədaləti şəxsi maraqlara qurban verməyib, haqsızlığa səssiz qalmayıb, haqsızlığa uğrayanları müdafiə etməkdən qorxmayıb, haqq-ədalət uğrunda qurbanlar verib, gələcək nəsillər üçün fədakarlıq edib. O xalqlar isə əsarətdə yaşayır ki, tarixin yol ayrıclarında səhv qərar verib/ seçim edib; mübarizədən qorxub, şəxsi maraqları ictimai maraqlardan, haqq-ədalətdən üstün tutub, haqsızlığa göz yumub, gücə boyun əyib, gələcək nəsillər üçün fədakarlıq etməyib.

      Mən UN GSP məzunu, UNESCO kafedrası təsisçisi kimi humanizm prinsiplərinə, ümumbəşəri dəyərlərə, İstanbul Universitetinin doktorantı, Azərbaycanlı elm adamı kimi milli həmrəylik ideyalarına, milli maraqlarımıza sadiq qalaraq bizi şərləyib saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb edənlərə, fundamental hüquq və azadlıqlarımızı pozanlara, ailəmizə əzab verənlərə müraciət edərək bildirirəm ki, barəmizdə açılan siyasi motivli cinayət işinə xitam versinlər. Mənim İstanbul Universitetində elmi fəaliyyətimi davam etdirməyə icazə versinlər.

     Bizim barəmizdə siyasi motivli cinayət işi açılmasına qərar verənlərin COP29 ərəfəsində nüfuzunu itirməməsi, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar və beynəlxalq media qurumları tərəfindən şiddətlə qınanmaması, beynəlxalq sanksiyalarla üzləşməməsi Qərb ölkələrində özlərinin və yaxınlarının adlarına olan aktivlərin, bank hesablarının dondurulmaması, onlara həmin ölkələrə səfər etmək üçün viza qadağalarının qoyulmaması, Beynəlxalq Cinayət Məhkəməsi ( İnternational Criminal Court ) baş prokuroru tərəfindən həm özlərinin, həm də məni Türkiyədən deportasiya edənlərin barələrində həbs orderi çıxarılmaması üçün son şansdır. Ümid edirəm ki, onlar rasional düşünüb bu şansı dəyərləndirəcək. Ölkəmizdə demokratik islahatlara start verilməsi, həmçinin demokratik, azad təfəkkürlü soydaşlarımıza qarşı repressiyaların dayandırılması tarixi zəruriyyətdir. Biz yeni dünya nizamında Azərbaycanın inkişaf etmiş demokratik ölkələr üçün dost ölkə olaraq qəbul edilməsini, yəni birincilərin sırasında olmasını, həmçinin Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsini istəyirik. Biz bunun üçün canımız, azadlığımız, ailəmizin təhlükəsizliyi bahasına mübarizə aparırıq. Haqq-ədalət, azadlıq, dayanıqlı inkişaf, təhsildə fürsət bərabərliyi uğrunda bu mübarizədə bizimlə düşmənçilik etmək inkişaf etmiş demokratik ölkələrlə, beynəlxalq institutlarla, azad, sivil dünya xalqları ilə düşmənçilik etmək deməkdir. Bu düşmənçiliyin sonu isə adətən beynəlxalq tribunalda mühakimə olunmaqla bitir. 

          Hörmətlə:            Fazil Qasımov

           Tarix: 17.10.2024

 




Orjinal Habere Git
— HABER SONU —