Ömrümə gələndə, qışın buz çağı,
Ağlayıb baharım, vidasız getdi.
Sinəmə çəkəndə, həsrətim dağı,
Vəfa bilməz yarım, vidasız getdi.
Sızlayır ürəyim, ağrı acıdan,
Günəşin üzünü, görüb yarıdan,
Qalanda durnalar, öz qatarından,
Mənimdə qatarım, vidasız getdi.
Qədərimdən küsən, arzular mənsiz,
Dünyada qalanda, arxa köməksiz,
Deyəndə gedirik, gedirik sənsiz,
Açılmadan danım, vidasız getdi.
Bir nazlı xatirəm, qalıb yanımda,
Dedi nisgillərin, qalıb canımda,
Eşidib bu sözü, coşub qanımda,
Yerlə bir ad sanım, vidasız getdi.
Həyatın nəbzini, əldə tutanda,
Vicdanı, namusa qatıb satanda,
İkidə bir, mənə sözlər atanda,
Əllərdə imanım, vidasız getdi.
Şəfəq Şərqiyyə lətifli