Bugün, 4 Aralık 2024 Çarşamba

1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin isə ərazi bütövlüyünü təmin etmək imkanları hələ yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Sentyabrın 15-də türklər qarşısına qoyduğu missiyanı uğurla başa çatdırmaqla, Bakını işğalçılardan təmizləməklə Azərbaycan dövlətçiliyinə qardaş töhfələrini verdi, Azərbaycan xalqını darda qoymadı. Gəncədə yerləşən Qafqaz İslam Ordusu Qərargahı, bolşeviklərin irəli hərəkata başlaması ilə birlikdə, qarşılarında heç bir fiziki əngəl qalmadığını və dəmir yoluna da hakim olduqlarını görüncə bu durumun paytaxt üçün böyük bir təhlükə yaradacağı nəticəsinə gəldi. Nuru Paşa Gəncə üçün əsl təhlükənin Göyçay  yaxınlıqlarındakı düşmən qüvvələrindən gələcəyini hesabladı. Çünki Göyçay bölgəsində aparılan müharibələr, strateji əhəmiyyətə malik idi.
Şaumyanın  liderliyindəki Bakı Soveti, türk ordusunun Gəncədə  toparlanmasına fürsət verməmək üçün hərbi hərəkata başlanması istiqamətində qərar aldı. Bakı Xalq Komissarları Sovetinin  Hərbi və Dəniz işləri üzrə komissarı Korqanov, 4 iyun 1918-ci  il tarixində bir əmr imzalayaraq, Qızıl Ordu qüvvələrinin hərəkətə keçməsini istədi. Rus bolşevik və erməni daşnaklardan ibarət olan hərbi qüvvələrə Yevlax şəhərinə qədər olan düzlükdəki bölgələri işğal etməsi və Yevlax körpüsünü ələ keçirməsi üçün təlimat verdi. Erməni və rus dəstələri  6 iyun 1918-ci   il tarixində Bakıdan  yola çıxaraq toplanma yeri olan Hacıqabula doğru hərəkət etdilər. Yolları üzərindəki yaşayış məntəqələri ilə  Qazıməmməd  və ətrafındakı kəndləri talan etdilər. Bir çoxunu yandırıb məhv etdilər. Türklərin heyvanlarını və yeyəcək-içəcəklərini əllərindən aldılar. Hacıqabul stansiyasında toplanmağa başlayan Qızıl Ordu qüvvələri 10 iyundan etibarən Gəncəyə  getmək üzrə yola çıxdı. Qızıl Ordu qüvvələrinin qarşısında gürcü və türklərdən ibarət kiçik bir hərbi dəstə vardı. Bu dəstəyə gürcü əsilli Maqalov komandirlik edirdi.  Birləşmiş qüvvələr 11 iyunda Sığırlı  stansiyasını ələ keçirdi. Şaumyan türk hərbi qüvvələrinin hələ hamısının Gəncəyə çatmadığını da xəbər almışdı. Gəncəli ermənilər isə o günlərdə türk əsgəri ilə toqquşma halındaydılar. Bakı Soveti komissarı lehinə olan bu durumdan faydalanmaq istəyirdi. Sığırlı stansiyasının ələ keçirilməsi Şaumyanı son dərəcə ümidləndirdi. Leninə   göndərdiyi teleqrafda hadisəni anladarkən belə demişdi: “Hərbi qüvvələrimizin ön qüvvələri 11 iyunda Sığırlı  stansiyasını işğal etmişdir. Kəşfiyyat qolumuz isə Kərrar  stansiyası yaxınlarında top atəşinə tutulmuşdur. Hərbi qüvvələrimiz irəli hərəkət etməkdədir”.
Kürdəmirin  İşğalı 
Qızıl Ordu hərbi qüvvələrindən birinci qol Bakı – Hacıqabul dəmir yolu boyunca qərbə doğru irəliləyərək Müsüslü stansiyasına qədər olan bölgəni nəzarət altına aldı. Digər qol isə Hacıqabuldan keçərək Kürdəmir şəhərinin önlərinə çatdı. Bölgədəki Qızıl Ordu qüvvələri burada toplanaraq, Gəncədən təxminən 150 kilometr uzaqlıqda olan Kürdəmir üzərinə hərəkət etdi. Şəhəri müdafiə etməyə çalışan Azərbaycan türklərindən ibarət milis qüvvələrinin müqaviməti bir nəticə vermədi. Qızıl Ordu qüvvələri Kürdəmir ilə buradakı stansiyanı nəzarət altına aldılar. Kürdəmirdəki bolşevik qüvvələri tam mövcudlu iki piyada taboru ilə bir dəmir yolu bölüyü, iki batareya səhra topu və bir qaubitsa batareyasından ibarət idi. Kürdəmirin düşmən qüvvələrinin əlinə keçməsi Gəncə üçün böyük təhlükə ərz edirdi. Çünki dəmiryolu boyunca irəliləyərək Yevlaxa çatmaları halında Kür çayı üzərindəki körpünü nəzarət altına alıb, Gəncə yolunu kəsmələri hər an mümkün idi. Bu da Qafqaz İslam Ordusunun şərq istiqamətində Bakıya doğru irəliləməsinə qarşı ciddi bir əngəl törədə bilərdi.
Qaraməryəmin azad edilməsi
10-cu alayın qüvvələri qarşı hücuma keçərək bolşevik-erməni qüvvələrini səhərki mövqelərindən təxminən 3 kilometr geriyə atdı.  5-ci Qafqaz piyada diviziyası Azərbaycan  torpaqlarında ilk dəfə 29 iyunda  birgə hücuma hazırlaşırdı. Hücum 10-cu və 13-cü Qafqaz alayları ilə aparılacaq, nizami 2-ci süvari alayı da düşmənin sol yan və arxasına Qaraməryəm istiqamətində axın edərək, düşmənin qaçmasına əngəl olacaqdı. Səhər tezdən başlayan hücumda komandirləri ən çox düşündürən içməli su və məhdud olan cəbbəxana idi.
Günorta saatlarında havanın isti olması səbəbindən, hər iki tərəfin hərəkət qabiliyyəti qalmırdı. Ona görə də tərəflər vuruşmaya ara verirdilər. Türk əsgərlərinin içməli suyu arabalarla Göyçaydan  gətirilirdi. Cəbbəxanası da məhdud idi. Bu üzdən daha çox atəş açmaq əvəzinə süngü taxaraq savaşırdılar. Susuzluq isə günortadan sonra kəskin həddə çatmışdı.  Günün sonunda Qaraməryəmin qərbi tamamən, şimal-şərqi də qismən türk hərbi qüvvələrinin əlinə keçmişdi. Qaraməryəmdə yerləşən Qızıl Ordu qüvvələrinin qərbində düzənlik var idi. Bu istiqamətdən tamamən sıxışdırılmışdılar. Şərq istiqamətində isə Ağsu var idi. Ağsu qəsəbəsinin düz arxasında isə dik təpələr yüksəlirdi. Düşmənin qaçış yolları ciddi mənada kəsilmişdi. Bu üzdən axşama doğru Qaraməryəmin şərqindəki təpələrə doğru çəkildilər. Beləliklə Qaraməryəmin şərqi tamamən türk hərbi qüvvələrinin əlinə keçdi.
Qızıl Ordunun səhər etdiyi ani hücum qarşısında bir an çaşqınlıq yaşayan 10-cu alay qısa müddətdə toparlanmış və düşməni geri oturtduqdan sonra irəli gedərək, yeni mövqelər də ələ keçirmişdi. Bu uğur cəbhə xəttindəki türk qüvvələrinin əhvalını olduqca yüksəltmişdi. Bu savaşda Müsüslüdən gətirilən Həbib Səlimovun komandasındakı Azərbaycan könüllü süvari birliyinin də böyük qatqısı olmuşdu.
Göyçayın azad edilməsi
Qızıl Ordu hərbi qüvvələri qərb və cəbhə istiqamətindən hücum imkanı qalmadığını və arxalarında da dağlar olduğunu görüncə, 5-ci Qafqaz piyada diviziyasının sol tərəfindən arxasına doğru, o bölgədəki erməni və rus kəndlərinin də yardımı ilə gecədən istifadə edərək şimaldan bir hücum hərəkatına girişdilər.  Bu bölgənin olduqca eniş-yoxuşlu bir ərazi quruluşu var idi. 30 iyunda düşmən səhərə yaxın min nəfərlik piyada, iki top və iki avtomat tüfənglə Göyçaya  basqın etdilər.  Göyçay sakini Mehdiyev Əlicabbar Ağa oğlu, hadisələri belə xatırlayırdı: “Səhər tezdən top atəşinin səsinə oyandıq. Əhali vahimə içərisində idi. Rayonu müdafiə edən qüvvə az idi. Buna baxmayaraq onlar kiçik bir dəstə ilə düşmənin çoxsaylı qüvvəsinin qarşısında mərdliklə dayana bildilər. İnsanlar yaba, bel, dəhrə ilə silahlanaraq düşmənin hücümünun qarşısını almaq üçün ön xəttə atıldılar. Türklər və süvarilər vaxtında yetişdilər. Türklər dəqiq topşu atəşi ilə düşmənin mövqelərini dağıtdılar. Süvarilərin hücumundan sonra düşmən dabanlarına tüpürüb qaçdı”.
Erməni əsilli Əmirov komandasındakı bolşevik qüvvələri  Pəzəvənd və Kırdadut kəndlərindən hərəkata başladı. Topçu və avtomat tüfəng atışları ilə Göyçaya doğru hərəkət edirdilər. Xalq təlaş içində Ucar istiqamətində qaçırdı. Bu arada Göyçayda nizamlı bir hərbi qüvvə yox idi. Çox təhlükəli bir durum ortaya çıxmışdı. O gecə Göyçay süvari alayının komandanı yüzbaşı Qurban Vahid oğlu  və Qazaxdan Gəncəyə  yeni gəlmiş olan könüllü süvari birliyinin başına öz təşəbbüsü ilə keçən minbaşı Əhməd Həmdi bəy ilə birgə şəhərin şimalına doğru hərəkət etdi. Bu arada Qərargah başqanı Qaraməryəm cəbhəsindəki 25-ci tabora telefonla xəbər verərək Göyçayın yardımına tələsməyi əmr etdi. Ağdaş ərazisi komandiri minbaşı İhsan bəyə də əmr verərək, əlindəki bütün qüvvələrlə yardıma gəlməsini istədi.  Əhməd Həmdi bəyin idarə etdiyi Azərbaycan süvari milisləri bolşeviklərə qarşı ləngitmə taktikası aparırdılar, ancaq davam gətirə bilmədilər və səhər saat 07.00 radələrində tamamən dağıldılar.

Göyçay süvari alayı
Qaraməryəm cəbhəsindəki 25-ci piyada taboru və bəzi milis qüvvələri Göyçaya çatmışdı. Göyçayın alınmaq üzrə olduğunu və cəbhənin arxadan mühasirə təhlükəsi olduğunu görən Nuru paşa Qaraməryəm ilə Ağdaş ətrafındakı bəzi qüvvələri ilə Göyçaydakı bolşeviklərin üzərinə göndərdi. Poylu stansiyasında yerləşən 9-cu Qafqaz alayı komandiri Cəmil Cahid bəy ilə Şəki və Zaqatala bölgəsindəki albay (polkovnik) Yusif bəyə dəstələri ilə Göyçaya hərəkət etmələrini əmr etdi. Topçu və avtomat tüfəng dəstəyindəki 25-ci piyada taboru Ağdaş milis və piyada bölüyü, bolşevik qüvvələrini Göyçaya girmədən mühasirəyə aldı. Şəhərin talan və məhv edilməsinin qarşısı alındı və əks hücuma keçilərək düşmənin böyük hissəsi məhv edildi. Göyçayı talan etmə imkanı tapa bilməyən erməni- bolşevik faşistləri gəldikləri yol ilə  Pəzəvənd, Kırdadut və İvanovkadan Qaraməryəmə doğru məğlub halda qaçdılar. Bu zaman 13-cü Qafqaz alayı da cəbhədən hücuma keçmişdi. Bundan sonra əsas bir təqibə girişən 5-ci Qafqaz piyada diviziyası, bolşevik rus və erməni daşnak qüvvələrinə böyük itkilər verdirdi. Bu müvəffəqiyyət cəbhə hakimiyyətinin 5-ci Qafqaz piyada diviziyasının əlinə keçməsini təmin etdi. O biri qüvvələrin də şiddətli hücuma başlamasından sonra bolşeviklər Qaraməryəmdə də davam gətirə bilməyərək, məğlub halda şərq istiqamətində qaçmağa başladılar.
Göyçay və Qaraməryəm savaşlarında Qızıl Ordu qüvvələrindən çox sayda silah və sursat ələ keçirildi. Ağdaş, Göyçay, Qaraməryəm və İsmayıllı ilə bölgədəki qəsəbə və kəndlərdə yaşayan erməni və ruslar qəti olaraq itaət altına alındı. Əllərindəki silahlar da toplandı.
Göyçay savaşında şəhid olan türk əsgərlərinin böyük bir hissəsi ilə yaralılar Gəncəyə aparıldı. Şəhidlər Gəncə ilə daha Şimal-qərbdəki Xanlar və Goranboy qəbiristanlıqlarında dəfn edildi. Bəzi şəhidlər isə İslam adət-ənənəsinə uyğun olaraq qanlı libasları ilə və şəhid olduqları yerdə dərhal o gün torpağa tapırıldı. Bu məzarlardan bəziləri Göyçay, Qaraməryəm, Bığır və İsmayıllı bölgələrindədir. Türk əsgəri Anadolunun bağrından qopub, Qaf dağından yüksələn imdad fəryadına yardıma gəlmiş və özlərinə heç də yabançı olmayan bir başqa vətən torpağının qara bağrında əbədi yuxuya getmişdilər.
Türk Qafqaz İslam Ordusu Göyçay  yaxınlarında savaşarkən, çarlıq tərəfdarı rus kazakı albay (polkovnik) Biçeraxov, 1500 tərkibli hərbi qüvvəsi ilə bərabər, Ənzəlidən gəmilərlə hərəkət etdi və 2 iyul 1918-ci ildə Bakının cənubundakı Ələt qəsəbəsində quruya çıxdı. Şaumyan ilə görüşüb, cəbhə bölgəsində araşdırmalar apardılar. Biçeraxov 6 iyulda da rus bolşevik-erməni daşnak qüvvələrinin komandanlığına gətirildi. Rus-erməni birləşmiş qüvvələrində cəbhənin sağ qanadının komandiri isə Korqanov idi.  Türk Qafqaz İslam Ordusu komandiri Nuru paşa erməni daşnak və rus bolşeviklərin ruslardan və ətrafdakı erməni kəndlərindən davamlı dəstək alaraq, arxadan və yandan basqın şəklindəki hücumlara qalxmalarının ordu üçün təhlükə törətdiyini düşünürdü. Bu hücumların davam etməsi halında 5-ci Qafqaz piyada diviziyasının böyük təhlükə altında olacağından əndişələnirdi. Bakının mövcud qüvvələrlə ələ keçirilə bilməyəcəyi qənaətinin qüvvətlənməsi səbəbiylə Şərq Orduları Qrupu Komandanlığından bir dəfə də dəstək istəməyə qərar verdi.
Göyçay Savaşının siyasi və hərbi nəticələri
Qafqaz İslam Ordusunun bağlı 5-ci Qafqaz piyada diviziyası başkomandan vəkili Ənvər paşa da gücləndirici qüvvə göndərilməsi ilə bağlı cəbhədən gələn raportları dəyərləndirirdi. Osmanlı dövləti ilə müttəfiq olan Almaniya türk əsgərinin Bakıya girməsinə qarşı çıxırdı. Ənvər paşa isə almanları ləngitməyə çalışırdı.
Başkomandan vəkili Ənvər paşa  Şərq Orduları Qrupu Komandanlığına 26 iyun 1918-ci il tarixində göndərdiyi açıq əmrdə deyirdi: 
“Bakı üzərinə irəliləmənin Bakıdakı neft qaynaqlarının bolşeviklər tərəfindən məhv edilməsi təhlükəsini doğuracağından ümumi hərb sövq və idarəsi baxımından nə bahasına olursa olsun bundan qaçınmaq lazımdır. Bu səbəblə 5-ci Qafqaz piyada diviziyasının mənim razılığım olmadan kəskinliklə Bakı üzərinə hücum etməməsini əmr edirəm”
Başkomandan vəkilinin Nuru paşaya göndərdiyi açıq əmrdə isə deyilirdi: 
“Sizə yardım göndərmək qabil deyildir. Vəzifənizin Bakı üzərinə getmək olmayıb, qüvvələrinizi cəmləşdirərək, bolşeviklərin Gəncə üzərinə hərəkətinin qarşısını almaq olduğunu bir daha təkrar edirəm”
Ənvər paşa Şərq Orduları Qrupu Komandanlığına göndərdiyi açıq əmrdə qeyd edirdi:
“Məndən izin alınmadan Nuru paşaya heç bir əlavə qüvvə göndərməmənizi, Nuru paşa üçün yola çıxarılan qüvvələri də geri almanızı rica edirəm. Əvvəlcə bildirildiyi kimi Nuru paşa qüvvələrini cəmləşdirəcək və yalnız bolşeviklərin irəliləməsinə mane olmaqla kifayətlənəcəkdir”
Ənvər paşa Şərq Orduları Qrupu Komandanlığına yardım barədə göndərdiyi gizli əmrdə: “38-ci piyada alayı ilə bir dağ topçu taborunu Qazax şossesi ilə Nuru paşaya yardıma göndərdiyini” bildirərək, komandiri xüsusi olaraq məlumatlandırmışdı.  Ənvər paşa, bir tərəfdən türk əsgərinin Bakı üzərinə hücum etməyəcəyi məsələsində almanları inandırmağa çalışırdı, o biri tərəfdən də Nuru paşaya gizli əmrlər göndərərək Bakının ən qısa müddətdə ələ keçirilməsi üçün təlimat verirdi. Həmçinin Ənvər paşa 1-2 iyul 1918-ci ildə Şərq Orduları Qrupu komandan vəkili Əsad paşaya “şəxsi” qeydi ilə yazdığı əmrdə Hərbiyyə hərəkat şöbə müdiri Feldmanın son savaş durumunu görmək və yerində araşdırmalar aparmaq üçün bir gəmi ilə Batuma hərəkət etdiyini və Tiflisdə Almaniyanın  təmsilçisi ilə görüşəcəyini bildirərək, başkomandan vəkilindən göndərilən əmrlərdən ona heç bir şəkildə bəhs edilməməsini və çox gizli tutulmasını istədi.
İstanbulla xəbərləşmə məsələsində bəzi sıxıntılarla qarşılaşa biləcəyini bildirərək, Bakının ən qısa müddətdə ələ keçirilməsi üçün lazım gələn əsgər, silah, sursat, cəbbəxana və pulun Nuru paşaya istədiyi qədər verilməsini əmr etdi. Ənvər paşa  davam edərək belə dedi:
“Xülasə, Nuru paşanın  və Gəncədəki  qüvvələrimizin mümkün olan əlavə əsgər, silah və cəbbəxana ilə gücləndirilməsi işinə, vaxt keçirmədən, Feldmanın gəlməsi ilə durum çox çətin bir hal almadan, mümkün olduğu qədər sürətlə önəm verilməsini və sizə şəxsi və gizli olaraq yazdıqlarımın eyni şəkildə Nuru paşaya da bildirilməsini və almanlara hiss etdirilməsi qəti doğru olmayan bu xəbərləşmə tərzinin, sizin tərəfinizdən və Nuru paşa tərəfindən də mənimsənilməsinin lazımi şəxslərə xəbər verilməsini rica edirəm.”
Sovet İttifaqı dövründə Göyçay savaşını araşdıran bəzi tarixçilər türk hərbi qüvvələrinin sayı baxımından Qızıl Orduya qarşı açıq bir üstünlüyü olduğunu bildirirlər. Lakin Dr. Mustafa Görüryılmaz qeyd edir ki, mövcud sənədlərə görə bu görüş doğru deyildir: “Savaşın başladığı dövrdə Azərbaycana çatan türk hərbi qüvvələrinin sayı beş min belə deyildi. Qızıl Ordu qüvvələrinin sayı isə erməni dəstələrin qatılması ilə 30 mini aşmışdı.”
Şaumyan və ona bağlı Qızıl Ordu qüvvələri hər şeydən əvvəl Azərbaycan  torpaqlarında yaşayan yerli xalqdan təşkil edilməmişdi. Çar Rusiyası ordularında xidmət edən zabit və əsgərlərdən təşkil olunmuşdu. Daşnak qüvvələri isə böyük çoxluğu Şərqi Anadolu bölgəsi və qismən də bugünkü Ermənistan və Azərbaycanda  yaşayan ermənilərdən ibarət idi. Erməni daşnak qüvvələri təxminən 3 ildir rus ordusunun zabitləri nəzarətində təlim görmüş və savaşlara qatılaraq nizamlı hərbi dəstələr halına gəlmişdilər.
Şaumyan Leninə   göndərdiyi teleqrafda rus bolşevik-erməni daşnak hərbi qüvvələrinin Göyçay savaşında üstün bir səy göstərdiyini, ancaq ordunu idarə edən komandirlərin son dərəcə qorxaq davrandıqlarını bildirdi. Bundan başqa ingilis gizli xidmətinin ordu içində bolşeviklər əleyhinə apardığı təbliğatın da təsiri olduğunu bildirdi. Ənzəlidən gəmilərlə hərəkət edərək Ələt stansiyası yaxınlığında quruya çıxan çarlıq tərəfdarı rus kazakı albay Biçeraxovun qüvvələri də Kürdəmir müharibəsində iştirak etmişdi. Rus kazakları ağır bir məğlubiyyətə uğramışdı. Biçeraxov 300-ə yaxın adamını savaş meydanında qoyaraq Bakıya qaçmışdı. Birləşmiş düşmən qüvvələrinə komandirlik etdiyi bu qısa müddətdə Biçeraxov heç bir uğur əldə edə bilmədi. Böyük ümidlərlə gəldiyi Kürdəmir  cəbhəsindən zərərlə ayrıldı. Türk hərbi qüvvələrinin qarşısında məğlubiyyətə uğradı və komandirlik vəzifəsini 22 iyuldan etibarən erməni əsilli Avetisova vermək məcburiyyətində qaldı.
Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid verdilər. Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları dövlət səviyyəsində ziyarət olunur. Hər il Şəhidlər xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirlir. Aradan uzun illər keçməsinə baxmayaraq Türkiyə Ordusu tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayacaq, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacaq.
Naxçıvan və Qarabağın azad edilməsi

İstanbuldakı Baş Komandanlıq Vəkaləti, 7 iyun 1918-ci il tarixində 9-cu Orduya verdiyi əmrdə ingilislərin Cənubi Azərbaycandakı hərəkatını dayandırmaq və Şimali Azərbaycandakı bolşeviklərə köməyə gəlməsinin qarşısını almaq tapşırığı vermişdi. Bu tapşırığın yerinə yetirilməsindən sonra da 9-cu Ordu, 6-cı Ordu ilə birlikdə Bağdad və Bəsrə üzərinə yeriyəcəkdi. Bunun üçün də 9-cu Orduya bağlı bəzi elementlərin cənuba nəql edilməsi lazım idi.

Baş Komandanlıq Vəkaləti 4 iyul 1918-ci ildə 9-cu Ordunun 4-cü korpusu ilə Urmiyə-Təbriz cəbhəsini işğal etməsini, ordunun digər hissələrinin isə Gümrü ətrafında toplaşmasını əmr etdi. 15-ci piyada diviziyası komandanlığı da qərargahı ilə birlikdə 6 iyulda Gümrüyə köçmüşdü. Bu diviziyanın 38-ci alayı bundan əvvəl Gəncəyə sövq edilmişdi. Şərq Orduları Qrupu Komandanlığı bu təşkilati işlərlə məşğul ikən, komandanlıq 7 iyul 1918-ci il tarixində İstanbula göndərdiyi raportda 4-cü korpusun bir bölük ilə Təbrizi ələ keçirdiyini bildirdi. 4-cü korpus mövcud vəziyyətdə Urmiya və Culfa-Naxçıvan bölgəsindəki ermənilərə qarşı daxili xətt manevri tətbiq edəcəkdi.

Birinci dünya müharibəsi boyunca ermənilərin hərbi lideri rolunda çıxış edən Andranik, qarşısına çıxan türkləri amansızcasına öldürür və bu zaman vəhşi işgəncə metodlarını tətbiq edirdi. Əvvəlcə Şərqi Anadoluda, sonra isə Cənubi və Şimali Azərbaycanda qətliamları davam etdirirdi. Cənubi Azərbaycandakı Xoy şəhəri ətrafında tabeliyindəki 6 minlik bir hərbi qüvvə ilə 12-ci piyada diviziyasına qarşı hücuma keçdi. Ancaq ağır bir məğlubiyyətlə Naxçıvana çəkildi. 22 iyun 1918-ci il tarixindən etibarən də Culfa və Naxçıvan ilə Ordubad ətrafındakı türk qəsəbə və kəndlərini qarət, talan, əhalisini isə qətl etməyə başladı.

4-cü korpus komandanlığı Andranik qüvvələrinin Naxçıvandakı hərəkətini yaxından müşahidə edirdi. Bölgədəki türklərin qətliamına seyrçi qalmaması və arxa cəbhədən arxayın olmaq üçün 4-cü korpus komandanı, 11-ci Qafqaz diviziyasına Naxçıvanı zəbt etmək tapşırığı verdi. 11-ci Qafqaz diviziyası ilə 12-ci piyada diviziyasının Culfadakı 35-ci piyada alayı, 19 iyulda 3.000 piyada və 600-ə qədər süvari tərəfindən işğal edilən Naxçıvan üzərinə yeridi. Türk birlikləri güclü hücumla müdafiəni yararaq, 20 iyul 1918-ci ildə şəhəri ələ keçirdi. Andranikin qüvvələri bu dəfə də Qarabağa tərəf qaçdı.

Azərbaycan müstəqilliyini elan edincə, Qarabağ və Şuşadakı türk və ermənilər ortaq bir komitə yaradaraq, hakimiyyəti əllərinə almışdılar. Erməni Milli Komitəsi az müddətdən sonra Şuşada bir qurultay çağırdı və bu orqanın ləğv edilməsini qərarlaşdırdı. Bu qurultay 7 nəfərlik bir icra heyəti də seçdi və Qarabağ hökumətinin qurulduğunu elan etdi.

Erməni hökuməti Qarabağın Azərbaycan və Aran ilə əlaqəsini kəsmək üçün ordu quruculuğuna başladı. Bu hərbi birliklər az müddətdən sonra bölgədə yaşayan türklərə qarşı zorakılığa başladılar. Təzyiq və hədə-qorxu siyasəti yeridərək, qış aylarının gəlməsiylə birlikdə türklərin bu erməni hökumətini tanımasını təmin etməyə çalışırdılar. Qarabağ türkləri isə bu şərtləri qəbul etməyəcəklərini bəyan etdilər. Şuşada yaşayan türklər 15–60 yaş arası kişilərin siyahısını tutaraq, ermənilərə qarşı əks tədbirlərə hazırlaşmağa başladılar.

Qarabağ və Şuşada bu hadisələr yaşanırkən, Andranik də Naxçıvandan çıxmaq məcburiyyətində qalmışdı. Yolu üstündəki erməniləri Qarabağa köçürərək bölgədəki vəziyyəti türklər əleyhinə dəyişdirməyə çalışırdı. Hədəfi, müdafiəsi daha asan olan Qarabağda erməniləri təşkilatlandırmaq, türklərə qarşı çevirmək və bölgəni tamamilə türklərdən təmizləmək idi. Andranik Zəngəzur, Ağdaş, Şuşa kimi bölgələrdə yaşayan türklərə basqınlar edirdi. Həmin bölgədə 11 min türkün ermənilərin basqınları nəticəsində həlak olduğu tarixi mənbələrdə göstərilir. Bir müddətdən sonra Andranikin fəaliyyəti ilə razılaşmayan və təşviqatlarına qapılmayan bəzi ermənilər tərəfindən Qarabağ məntəqəsi komandanlığına xəbər göndərildi. Andranikin, ətrafına topladığı ermənilərlə, yaxında türklərə qarşı basqınlara başlayacağı bildirilirdi. Çox keçmədən Şuşa-Xankəndi yolunu nəzarət altına alan ermənilər, Şuşa və bölgədə yaşayan türklərə qarşı təzyiqi artırdı. Bundan sonra Qarabağda yaşayan türklər, böyük bir səfərbərlik elan edərək, gənclərdən bir milis təşkilatı qurdular. Qarabağ Məntəqəsi Komandanı yarbay İsmayıl Haqqı bəy (Kayserili və Şəkili), Ordu Komandanlığına göndərdiyi[157] avqust tarixli raportda Qarabağda təşkil edilən türk milis qüvvələri ilə erməni Andranikin dəstəsinə müqavimət göstərməyin mümkün olmayacağını və tərəflər arasında münaqişələrin böyüməsi halında, köməyə ehtiyacı olacağını bildirdi. Yarbay (podpolkovnik) İsmayıl Hakkı bəy Qarabağ türklərinin mənəviyyatını yüksəltmək və ermənilərə də gözdağı vermək üçün kiçik də olsa, bir hərbi birləşmənin Ağdama göndərilməsinin münasib olacağını qeyd edirdi.

20. avqust 1918 tarixində 9-cu Ordu Komandanlığının yaydığı təbliğatda Andranik qüvvələrinin Naxçıvanın şimal-şərqində və Zəngəzurda səfərbərlik elan edərək, 15–45 yaş arasındakı erməniləri silahlanmağa çağırdığı və 5.000 nəfərlik bir qüvvə topladığı bildirilirdi. Gorusdan 10 kilometr cənub-qərbdəki bölgədə olan partizanların da 700 piyada, 400 süvari, 4 pulemyot və 2 dağ topundan ibarət olduğu bildirilirdi. Andranik erməniləri bir tərəfdən çevrilişə səsləyir, digər tərəfdən isə bölgədəki türk və müsəlmanları qətl etməyə təhrik edirdi.

Andranik qüvvələrinin Şuşanı mühasirəyə alması

Andranikin qüvvələri avqust ayının sonuna yaxın türklərə qarşı həmlələri artırdılar. Erməni partizanları 22 avqustdan 14 sentyabr tarixinə qədər türklərin iri və xırdabuynuzlu heyvanlarını, mallarını zorla əllərindən alır, müqavimət göstərənləri öldürürdü. Bu arada Dantravir və Zayiq ətrafındakı Abdallar, Kərəvuz, Ağadi ilə Mədət və Qarakilsə, Yaylaq və ətrafdakı bir çox kəndləri qarət etdilər, türklərin mallarını qarət edib, evləri, məktəb və məscidləri dağıdıb yandırdılar. Xüsusilə Sisyan nahiyəsi və Ağadi kəndində törədilən vəhşilik, Şərqi Anadolu, Naxçıvan, Bakı, Şamaxıda törədilənləri geridə qoydu.

Qətliam xəbərlərinin ardınca Şuşada bəzi ölkələrin təmsilçilərindən ibarət bir heyət təşkil edildi. Bu heyət bölgədə sabitliyi saxlamaq üçün ermənilərin tərksilah edilməsi təşəbbüsü ilə çıxış etdi, lakin bir nəticə alınmadı. İsmayıl Haqqı bəy "Türk Qafqaz İslam Ordusunun təcili olaraq hərəkətə keçməsini, əks təqdirdə qısa müddət ərzində Qarabağ bölgəsində yaşayan türklərin tamamilə qətl və məhv ediləcəyini" bildirdi.

Ermənilər Şuşa-Ağdam arasındakı Əsgəran keçidini ələ keçirərək, bölgədə üstünlüyü ələ aldı. Andranik qüvvələri Şuşa qalasına sığınan türkləri mühasirəyə aldı. Mühasirə uzandıqca Şuşada olan 20 min türk çox ağır vəziyyətə düşdülər. Ərzaq, su, dərman çatışmazlığı başlanmışdı.

Ermənilərin bölgədəki bu vəhşiliyindən canını qurtara bilən türklər, panika içində Şuşa qalası, Ağdam və Cəbrayıl istiqamətində qaçırdılar. Qarabağın bir başqa bölgəsi olan Ağdam cəbhəsindəki ermənilər isə hələlik sakit dayanmışdılar.

Qafqaz İslam Ordusu Komandanı Nuru paşa Bakının ələ keçirilməsindən sonra Qarabağ bölgəsində misli görünməmiş bir qətliam hazırlığına başlayan erməniləri dayandırmaq üçün hərəkətə keçdi. Qarabağ hərəkatı üçün 1-ci Azərbaycan diviziyası yaradıldı. Komandanlığına da Bakı Qarnizon Komandanı (polkovnik) albay Cəmil Cahid bəy gətirild. Bu diviziyanın əsas gücünü 5-ci Qafqaz piyada diviziyasının sərəncamında olan 106-cı piyada alayı ilə 9-cu Qafqaz alayı təşkil edirdi. Azərbaycanlılardan qurulan və cəmi 1.200 nəfərlik 1-ci və 2-ci Azərbaycan alayları ilə sayı 250 olan Azərbaycan süvari alayı da qurulan yeni diviziyanın hərbi qüvvələrinin tərkibindəydi. Atəş gücünü artırmaq üçün bir dağ topçu batalyonu ilə üç zirehli maşın, diviziyanın sərəncamına verildi.

Bakı yaxınlığında qəhrəmancasına döyüşən türk əsgəri birlikləri, vaxt itirmədən yola düşdü və qatarla əvvəlcə Yevlaxa gəldi, oradan isə qərargahın qurulacağı yer olan Ağdamda toplaşmağa başladı. Cəmil Cahid bəyin qarşısında Şuşa və Gorusun ələ keçirilməsi ilə Dağlıq Qarabağda asayişin təmin edilməsi vəzifəsi dururdu. Beləliklə, Baş Komandanlıq Qərargah rəhbərliyinin Azərbaycan ilə Osmanlı torpaqları arasında ortaq bir sərhəd olması ilə əlaqədar planı həyata keçmiş olacaqdı.

Cəmil Cahid bəy Qarabağa girincə, ermənilərə xəbər göndərərək, əllərindəki silahları yerə qoyaraq, Azərbaycan dövlətinə tabe olmağı tələb etdi. Ermənilərin qurduğu icra heyəti isə Erməni Milli ġurasını təcili yığıncağa çağıraraq məsələni müzakirə edəcəklərini bildirdi. Erməni Milli Şurası, aldığı qərara uyğun olaraq, beş nəfərlik bir heyəti 1 oktyabrda Ağdama göndərdi və Azərbaycanın tərkibində qalmaq istəmədiklərini bildirdi. Cəmil Cahid bəy bu cavabdan sonra heyət üzvlərindən Arşavir Kamalyan, Aşot Məlik Osipov və Gerasim Məlik Şahnazaryanı həbs etdi. Ayrapet və Danil adlı təmsilçiləri isə Şuşadakı ermənilərin yanına göndərərək, tez bir zamanda təslim olmalarını, əks təqdirdə Şuşa üzərinə yeriyəcəyini, bunun günahkarının isə ermənilərin özləri olacağını bildirdi.

Erməni Milli Şurası bu sərt cavab qarşısında Qarabağ erməniləri 3-cü Qurultayını çağırdı. Qurultaydakı uzun müzakirələrdən sonra, silahı təhvil verməmək şərti ilə "hələlik" Azərbaycanın tərkibində qalmağın mənafelərinə uyğun gəldiyi barədə qərar qəbul etdilər və bu qərarı Cəmil Cahid bəyə bildirdilər. Bundan sonra Komandan hadisələrin nəticəsində ermənilərin günahkar olduğunu bildirərək, Şuşa üzərinə yerimək qərarına gəldi.

Şuşanın qurtuluşu

Qarabağda qətliam törədən Andranikin qüvvələrinə qarşı hərbi həmlələrə hazırlıqlar 6 oktyabrda başa çatdı. Albay Cəmil Cahid bəy Şuşada mühasirədə olan türklərə də xəbər göndərərək, bir az da müqavimət göstərmələrini istədi.

Türk hərbi qüvvələri ermənilərdən müsbət cavab almadığından, 7 oktyabrda Şuşa üzərinə yürüşə başladı. İlk növbədə Əsgəran keçidinin ələ keçirilməsi lazım idi. Şuşa istiqamətində əhəmiyyətli bir keçid nöqtəsi olan Əsgəran yolu ermənilər tərəfindən son dərəcə yaxşı qorunurdu. İtkilərin az olması üçün erməni birliklərinin arxasına keçmək münasib idi. 1-ci Azərbaycan alayı ehtiyat qüvvə kimi Ağdamda qaldı, 2-ci Azərbaycan alayı ilə süvari alayı Əsgəran keçidinin qarşısına sövq edilərək, Kalbuk-Daşbaşı xəttində mövqe tutdu. 9-cu Qafqaz alayı iki topçu batareyasının müşayiəti ilə Ağdamdan Mirkənd-Ağbulaq xəttinə hücuma keçdi. Bu iki kənddəki erməniləri oradan qovdu. 9-cu Qafqaz alayı Əsgəranı tutan erməni daşnaklarına qarşı cəbhədən hücuma keçdi. 25-ci batalyon isə erməniləri cənubdan mühasirəyə almağa başladı. Bundan sonra Əsgəranda duruş gətirə bilməyən ermənilər, dağınıq halda geri çəkilməyə çalışdı. Şuşa qalasından 8 kilometrlik məsafədə yerləşən və strateji bir mövqe olan Əsgəran keçidinin əldən çıxması ermənilərin mənəviyyatını qırmışdı. Şuşa qalasında mühasirədə olan türkləri qurtarmaq üçün şərq və qərb istiqamətlərindən erməniləri sıxışdırma əməliyyatı başlandı. Bunun üçün oktyabrın 8-dən 9-na keçən gecə süvari alayı Kalfalı istiqamətinə göndərildi. Piyada birlikləri isə Şuşa yaxınlığına getdi. Türk ordusu ilə döyüşməyə cəsarət etməyən və böyük bir təhlükənin yaxınlaşdığını görən Andranik, Şuşanın mühasirəsini buraxaraq, dərhal cənuba doğru çəkilməyə başladı.

Albay (polkovnik) Cəmil Cahid bəy Şuşanın döyüşsüz ələ keçirilməsindən məmnun idi. Qaladakı mühasirədən xilas olan adamlar Türk ordusunu hərarətlə qarşıladı. Cəmil Cahid bəy Şuşada yaşayan ermənilərlə türklərin münaqişəsinin qarşısını almaq üçün lazımi tədbirlər görmək məqsədi ilə 8 oktyabrda Şuşaya girdi. Türklərin başbilənlərini Şuşa məscidində toplayaraq, bir nitq söylədi:
"Sizin mənafeyiniz üçün, sözlərimi qəbul etməsəniz, əmrimə itaət etməsəniz, bütün vasitələrdən istifadə edərək sizi cəzalandırmaq üçün zərrə qədər tərəddüd etmərəm. İndi ermənilərə də itaət etmələrini təklif edəcəyəm. Qəbul etmədikləri təqdirdə, bir orduya itaətsizliyin cəzası nədirsə, onu da alacaqlar. İtaət edərlərsə, can, namus və malları, bizim mühafizəmiz altında olduğundan, heç bir fərdin artıq hərəkətinə yol verməyəcəyəm. İtaət etmədikləri halda, onlar haqqında ölçü götürməklə yalnız əsgərlərim məşğul olacaqlar. Əhalinin tamamilə seyrçi qalmasını və hərənin öz işi-gücü ilə məşğul olmasını tələb və əmr edirəm".

Şuşanın türklər yaşayan hissəsində asayiş təmin edildikdən sonra, Cəmil Cahid bəy erməni əsilli Bələdiyyə rəisi Kavalanı erməni məhəlləsinə göndərərək, itaət edəcəkləri halda can və mallarının təminat altında olacağı, əks halda isə müharibə qanunlarına uyğun olaraq cəzalandırılacaqlarını bildirdi ki, bunun da günahı Türk ordusunda deyil onların özlərində olacaqdır. Yarım saatdan sonra erməni başbilənləri Cəmil Cahid bəyin yanına gələrək, xalqın böyük hörmətlə Türk ordusuna bağlılığını və əmrlərə itaət edəcəklərini bildirdilər. Bundan sonra Komandan erməni başbilənlərinin böyük kilsəyə yığışmalarını tələb etdi. Cəmil Cahid bəy buradakı nitqində, ermənilərin indiyə qədər türklərə çox pisliklər etdiklərini, bununla bərabər Türk dövlətinin onlara tam bir vətəndaşlıq hüququ verməsinə baxmayaraq onların nankorluq etməsindən söz açdı. Bu səbəbdən ermənilər cəzalandırılmalı olduqları halda, Türkün ulu vicdanının bir daha onları əfv etdiyini bildirdi. Albay Cəmil Cahid bəy ermənilərə silahı dərhal təhvil verməyi tələb etdi. Şuşanın azərbaycanlılar yaşayan hissəsində Türk ordusunun rəsmi keçid mərasimi keçirəcəyini bildirən Cəmil Cahid bəy, ermənilərin də bu mərasimdə iştirakını və beləliklə də, türklərlə barışmalarını istədiyini qeyd etdi. Bundan sonra Şuşanın erməni və türk məhəllələri arasındakı səngərlər yığışdırıldı və Türk ordusunun rəsmi keçid mərasimində ermənilərin də iştirakı təmin edildi. Şəhərin əhəmiyyətli qovşaq və məhəllələrinə Türk əsgəri yerləşdirilərək, asayiş təmin edildi. Rusiyada isə vətəndaş müharibəsi gedirdi. Lenin Çar Rusiyasının sahib olduğu torpaqları əldən çıxarmamaq üçün böyük bir səy göstərirdi. Qafqazın əldən getməməsi üçün, çar dövründə olduğu kimi, Lenin də ermənilərdən istifadə edirdi. Erməni Orconikidze 12 oktyabr 1918-ci ildə Şimali Qafqazdakı Vladiqafqaz şəhərindən Leninə göndərdiyi teleqramda Cəmil Cahid bəyin etdiklərinin tam tərsini ifadə etmişdi. Teleqramda belə deyilirdi:
"Ermənistan böyük bir faciə içindədir. İrəvanın iki qəzasında 600 min qaçqın toplaşmışdır. Türklər Qarabağ ərazisini işğal edərək, orada yaşayan ermənilərin yarısını qırmışlar. Şuşa və Zəngəzur ərazilərini işğal ediblər. Andranik, Qarabağda xaincəsinə öldürülmüşdür. Erməni xalqı Sovet Rusiyadan kömək gözləməkdədir”.

Albay Cəmil Cahid bəy, sultankəndli Sultanovun komandanlığı altında bir türk milis dəstəsini Andranik qüvvələrinin ardınca göndərdi. Cəsarət və zəkasıyla tanınan Sultanov, Andranikin qüvvələrinə qarşı Qaladərə tərəfdən hücuma keçdi. Çox güclü həmlələr edən milislər Andranikin qoşununu dağıdaraq Gorusun cənubuna qovmağa müvəffəq oldu.

Qafqaz İslam Ordusu Komandanlığı, albay Cəmil Cahid bəyə 20 oktyabrda bir əmr göndərərək 1-ci Azərbaycan diviziyasının yenidən qurulmasını tələb etdi. Bu təşkilatlanmanı 9-cu Qafqaz alayı batalyonlarının Azərbaycan alaylarına bölüşdürülməsi şəklində həyata keçirmək qərara alındı. Şuşa və Ağdamın Məsudlu bölgəsində toplaşan 1-ci Azərbaycan diviziyası, yenidən qurulduqdan sonra Qarabağ bölgəsindəki erməni partizanlara həlledici zərbə vurmaq üçün hücuma keçməyə qərar verdi.

Qafqazda bu hadisələr davam edərkən, İstanbulda Tələt paşa hökuməti istefaya getdi. Sədrəzəmliyə gətirilən Əhməd İzzət paşa 9-cu Ordu və Qafqaz İslam Ordusu Komandanlığına göndərdiyi əmrdə Qarabağ hərəkatının dayandırılmasını tələb edirdi. Qarabağdakı Türk hərbi qüvvələrinin dərhal geri çəkilməsini əmr edərək, iki millət arasındakı münaqişəni Azərbaycan hökuməti ilə ermənilərin siyasi yollarla həll etmələrini tövsiyə etdi. İstanbuldakı erməni lobbisi, ingilis və fransız nümayəndələrini, Qarabağ və Şuşada Türk ordusunun ermənilərə qarşı qətliam törətdiyinə inandırmışdılar.

Türk Qafqaz İslam Ordusu Komandanlığı Qarabağda olan hərbi qüvvələrin tabe olduqları diviziyalara qayıtmasını, 1-ci Azərbaycan diviziyasına da azərbaycanlı general Yusifovun komandirlik edəcəyini bildirdi. General Yusifov 8 noyabrda Ağdama gedərək, birliklərin rəhbərliyinə keçdi. Qarabağ hərəkatında iştirak edən 9 və 106-cı piyada alayları isə 5-ci Qafqaz piyada diviziyasına birləşdirilərək bölgəni tərk etdi.

Quba və Xaçmazın azad edilməsi

Şimali Qafqazda milli qüvvələr təşkil etmək üçün 1918-ci ilin may ayında hazırlıq işlərinə başlanmışdı. Bölgə əhalisindən bir piyada və bir süvari diviziyası ilə iki alay təşkil edilməsi nəzərdə tutulurdu. Dağıstan türklərindən qurulacaq bu hərbi birliklər üçün 6-cı Ordunun 6-cı diviziyası və 9-cu Ordunun 11-ci diviziyasından 74 zabit ilə 577 serjant və sıravidən ibarət bir "Təşkilat Diviziyası" qurulmuşdu. Yaradılacaq 4-cü piyada diviziyası komandanlığına, Şərq Cəbhəsindəki döyüşlərdə ruslara əsir düşən, ancaq Rusiyadakı bolşevik inqilabı və qarışıqlıqdan yararlanaraq qaçmağa müvəffəq olan polkovnik (albay) Əhməd Şükrü bəy gətirilmişdi. 1-ci süvari diviziyası komandanlığına isə polkovnik (albay) Akif bəy keçmişdi. Dağıstan türklərindən qurulacaq milli orduya rəhbərlik edəcək heyət 15 iyul 1918-ci il tarixində xidmət bölgələrinə yola düşmüşdü.

Türkiyədən gələn komandirlər, Dağıstanın Temirxan-Şura bölgəsi ilə Gimri, Arkaz və Qızılyar dairəsində bolşeviklərə qarşı ordu quruculuğu işlərinə başladılar. İlk olaraq Osmanlı-Rus müharibəsində əsir düşən bölgədəki türk əsgərlərini bir yerə cəmlədilər, sonra Dağıstan türklərindən 500 nəfərlik bir hərbi birlik yaratdılar. Bu hərbi birliklər Mahaçqalanı Bakı və Dərbənd ilə birləşdirən dəmir yolunu kəsmək üçün işə başladı. Dağıstanda bolşevik təbliğatı aparılan bölgələrdə isə xalqın rusların vədinə uymasının qarşısını almaq üçün fəaliyyətə başladılar.

Dağıstandakı türk qərargah heyəti, qısa müddətdə təşkil etdikləri hərbi birliklərlə Temirxan-Şura cəbhəsindəki Arkaz, Gimri və Qızılyar bölgələrində olan bolşevik qüvvələrinə həmlələr etdilər. 5 avqusta qədər davam edən münaqişədən bir nəticə alınmadı. Bolşeviklər, Dağıstanın daxili bölgələrində çox güclü bir müqavimətlə qarşılaşacaqlarını başa düşərək, əks-hücuma keçməyə cəsarət etmədilər.

Azərbaycanın şimal-şərqində Qafqazın ən uc nöqtəsində yerləşən Quba və Xaçmaz bölgələrində baş verən döyüşlərdə, işğalçı qüvvələrə edilən basqın uğurlu oldu. Qubadakı döyüşlərdə, 4-cü diviziya komandanı (polkovnik) albay Əhməd Şükrü bəy də iştirak edirdi. Qubanı düşmən işğalından qurtarmaq üçün süvari minbaşı Səbri bəyin komandanlıq etdiyi təxminən min nəfərlik bir milis qüvvəsi, gecə boyunca yürüş edərək Qubanın şimalındakı Qusar qəsəbəsini ələ keçirdi. Burada bir bolşevik bölüyünü əsir aldı, bununla bərabər dörd pulemyot və xeyli miqdarda sursat ələ keçirdi. Bunun ardından Quba üzərinə yeriyərək, 2 avqustda bolşevik işğalına son qoydu.[183] Qubadan qaçan bolşeviklər, Xaçmaz istiqamətində gedərkən, Qasımkənddə olan milis qüvvələri düşməni mühasirəyə aldılar, lakin bir uğur qazanılmadı. Türk hərbi birlikləri, düşməni təqib edərək Xaçmaz üzərinə yeridi, lakin düşmən Xəzər dənizindəki gəmilərdəki topçu dəstəsinin sayəsində 8 avqusta qədər şəhəri qorumağa müvəffəq oldu.

Cənubi Azərbaycandakı Ənzəli üzərindən Bakıya gələn və Qafqaz İslam Ordusu qarşısında dayana bilməyəcəyini başa düşən çar tərəfdarı Biçeraxov oradan da dəmiryolu ilə Xaçmaza gəlmişdi. Polkovnik Biçeraxov, türk hərbi birliklərinin təqibi nəticəsində 11 avqustda buradan da çıxıb şimaldakı Dərbəndə keçdi. Biçeraxovun qüvvələri Xaçmazı tərk edən kimi türk milis qüvvələri şəhərə daxil oldu. Daha sonra polkovnik Biçeraxovun qüvvələrini Dərbəndə qədər təqib etdilər. Ancaq bir nəticə alınmadı.

Quba və Xaçmazın düşmən işğalından qurtarılması və bölgənin nəzarət altına alınması nəticəsində, Dağıstan və Rusiya ilə Bakı arasındakı dəmir və quru yolu tamamilə türklərin əlinə keçdi. Eləcə də, bolşeviklərin bölgədəki təbliğatlarının qarşısı alınmış oldu.

 

 

Dərbəndin azad edilməsi

Qafqaz İslam Ordusu Komandanı Nuru paşa Dağıstanın ələ keçirilməsi üçün 15-ci piyada diviziyası komandanı yarbay Süleyman İzzət bəyə 20 sentyabr 1918-ci il tarixində bir əmr göndərdi. Süleyman İzzət, böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 61 Qafqaz İslam Ordusunun Şimali Qafqazdakı hərbi hərəkat planı belə idi: Dağıstan hərbi hərəkatı ilə təlimatlandırılan 15-ci piyada diviziyası sürətlə Xaçmaz istiqamətində hərəkət edəcək və Dərbənd qısa bir müddətdə ələ keçiriləcəkdi. Hərbi birliklər şəhərin 5 kilometrliyinə qədər irəliləyəcək və burada mövqe tutacaqdı. Əldə edilən mövqe, bəzi hərbi qüvvələrlə gücləndiriləcək 107-ci Qafqaz alayından ibarət Dərbənd dəstəsinə təhvil verildikdən sonra 15-ci piyada diviziyası geri çəkiləcəkdi. Xaçmaz dəstəsi də 15-ci piyada diviziyasının tabeliyinə veriləcəkdi.


Dərbəndin azad edilməsi planı

Lazımi hazırlıqlar başa çatdıqdan sonra, 15-ci piyada diviziyasının bəzi hissələri 1 oktyabrda Biləcəri stansiyasından Dağıstana getmək üçün qatarlara mindirildilər. Əvvəlcə 15-ci piyada diviziyasına tabe olan 56-cı alay yola çıxdı, 36-cı alay isə daha sonra hərəkət edəcəkdi. Quba və Xaçmaz bölgəsini düşmən işğalından qurtaran minbaşı Səbri bəyin komandası altında olan Xaçmaz dəstəsi də diviziyanın toplaşma yeri olan Xaçmazda türk hərbi birliklərinə qoşulmağa başladı. 38-ci piyada alayının əsas döyüşkən heyətindən bir bölüyün Bakıda saxlanılması əmr edildi. Buna görə də müharibə gücü bir xeyli zəifləmişdi və Xaçmaz bölgəsindəki qüvvələrlə gücləndirilməsi planlaşdırılırdı.

Süleyman İzzət, böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 68 15-ci piyada diviziyasına daha sonra iki zirehli qatar veriləcəkdi. Bu hərbi hərəkatın davam etdiyi əsnada, 15-ci piyada diviziyasının İstanbula göndərilməsi məsələsi ortaya çıxdı. Bu səbəbdən 38-ci piyada alayının Dağıstan hərəkatında iştirak etməli olan heyəti yola çıxmaq üçün Bakıda qatar gözlədiyi halda, Nuru paşa təftişlər apardığı Ağdamdan Xaçmaza getmək üçün Bakıya gəldi.

15-ci piyada diviziyası və Dağıstan hərəkatında iştirak edəcək hərbi qüvvələrin qərargahları 2 oktyabrda Xaçmaza çatdı və bölgədəki komandirlər vəziyyətlə əlaqədar məsləhətləşmə keçirdilər. Öncül qüvvələr də Fərhadkənd və Orucabad xəttinə yerləşdirildi.[187] Nuru paşa Dağıstan hərəkatını izləmək və hazırlıqları yaxından görmək üçün, 4 oktyabrda qatarla Xaçmaza getdi. Buradan maşınla Qubaya keçdi. Yollarda maşını saxlatdıran türklər Nuru paşanı duz-çörəklə qarşıladılar. Xalqın böyük məhəbbəti ab-havasında Xaçmaza daxil olan Nuru paşa burada yaşayan türklərlə apardığı danışıqlarda vətənlərinə sahib çıxmalarını, bunun üçün də övladlarını əsgər göndərmələrini istədi.

Türk ordusunun Dərbəndə yürüş etməyə hazırlaşdığından xəbər tutan Biçeraxov, Mahaçqaladan 300 nəfərlik bir birliyi Dərbəndə gətirdi. Buradakı mövqelərini möhkəmlətdikdən sonra, müdafiəni gücləndirmək istəyirdi. Hərbi hərəkatın bir az da gecikdirilməsi halında, düşmənin daha da güclənəcəyini düşünən komandirlər 38-ci piyada alayının da cəbhə xəttinə çatmasını gözləmədən, 56-cı piyada alayının Dərbənd istiqamətində hərəkətə gəlməsini qərarlaşdırdılar. Beləliklə, Dağıstanın düşmən işğalından qurtarılması üçün gözlənilən hərbi müdaxilə 5 oktyabrda başladı.[189] 56-cı piyada alayı, cəbhəyə yenicə çatan 38-ci alayın qabaqcıl hissələri ilə birlikdə, Dərbəndin bağlarını keçdikdən sonra, stansiya ətrafında pusqu quran Biçeraxov qüvvələri ilə qarşılaşdı. Qanlı döyüşlərdən sonra Stansiyadan çıxarılan Biçeraxov qüvvələri axşama doğru Dərbənd qalası ilə Qala Dəyirmanı bölgəsindən də uzaqlaşdırıldı. Havanın qaralmaq üzrə olduğunu görən komandirlər əsgər itkisi verməmək üçün hərəkata ara verdilər.[190] Ertəsi gün, türk silahlı qüvvələrinin kəskin hücumu qarşısında tab gətirməyən düşmən, dağınıq halda şəhərə yayıldı. 56-cı piyada alayı 6 oktyabr saat 10.45-də şəhərə girərək Dərbəndi tamamilə nəzarətə götürdü.

15-ci piyada diviziyası Qərargah rəisi yarbay (podpolkovnik) Süleyman İzzət bəy günortaya doğru qərargahı ilə birlikdə Dərbəndə daxil oldu. Süleyman İzzət bəy Dərbəndi zəbt etmələrini belə təsvir edir:
"Günorta firqə qərargahı ilə şəhərə girdim. Əvvəlcə verdiyim əmrə əsasən şəhərdə asayişə cavabdeh zabit və sıravi heyətinin işinə başçılıq etdim və bələdiyyə rəisi Müslüm İsrafilovu hökumət rəisi təyin elədim."
— Süleyman İzzət, böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 84
Dərbəndin əsas küçə və meydanlarına Türk bayrağı asıldı. Bakının düşmən işğalından qurtarmasında yaxşı nəticələr göstərmiş 56-cı alay, Dərbənddə də buna oxşar fəaliyyəti ilə fərqlənmişdi. 38-ci alay isə şəhərə qərb istiqamətindən girmişdi. Düşmənin ən azı 800 piyadası, səkkiz pulemyotu və bir zirehli qatarı vardı. Xəzər dənizində rus çar ordusundan qalma Ərdəhan və Qars adlı döyüş gəmiləri isə açdıqları top atəşi ilə döyüşlərə yardım edirdilər. Düşmən əsgər və silah baxımından da 56-cı alaydan üstün idi. Dərbəndi ələ keçirən 56-cı piyada alayının döyüşkən tərkibi 679 əsgərdən ibarət idi. 12 pulemyotu, 12 də topu vardı. Dərbənddə düşməndən birinin arxa qapağı çıxarılmış üç top ilə dörd pulemyot ələ keçirilmişdi. 15-ci piyada diviziyası Bakıdan 210 kilometr şimalda yerləşən Dərbəndə qədər irəliləmiş və cəmi beş gün ərzində bölgəni nəzarət altına almışdı.

Polkovnik Biçeraxov Dərbəndi müdafiə edən qüvvələrin komandiri polkovnik Bertrandı bacarıqsızlıqda günahlandırıb vəzifədən kənarlaşdırdı və həbs etdirdi. Biçeraxov qüvvələri 6–7 oktyabr gecəsində bir zirehli qatarla 15-ci piyada diviziyasına qarşı cəbhəni yarmağa təşəbbüs göstərdi. Ancaq türk hərbi birlikləri tərəfindən geri oturduldu. Qatardan açılmış bir vaqonda, sursatla birgə bir pulemyot və birinin arxa qapağı çıxarılmış iki top ələ keçirildi. Gecə baş verən bu hadisədən sonra yenə 7 oktyabrda səhər saatlarında 8 pulemyot və 4 top ilə müşayiət olunan 880-ə qədər düşmən piyadası 56-cı piyada alayına qarşı hücum təşkil etdi. Bu hücum da geri oturduldu. Dərbəndin şərqindəki dağlıq və meşəlik sahəyə çəkilən Biçeraxov qüvvələri ilə 9 oktyabrda da qanlı döyüşlər oldu. Rus birlikləri 12 və 13 oktyabrda da hücum manevrləri etdilər, ancaq hər dəfə də məğlub olaraq ağır itkilərlə geri çəkilmək məcburiyyətində qaldılar.

Vahidov Qurban. Hərbi-tarixi araşdırmaçı – yazar
Ədəbiyyat
1. Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, Hərbi nəşriyyat, Bakı,1999, s.189 – 190
2. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 37-38
3. Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 191
4. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 557
5. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 557
6. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 38
7. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 558
8. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 558
9. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 33-35-38
10. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 44-45
11. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 45
12. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 558
13. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 46
14. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 559
15. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 46-47
16. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 557
17. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 47
18. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 48
19. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 559
20. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, 2006, səh 138
21. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 559
22. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 53-54
23. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 59
24. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c., s. 560
25. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 59-60
26. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 560
27. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 62
28. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 64
29. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 64
30. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 561
31. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 68
32. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 69
33. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 69 – 70 – 72 -73 – 79
34. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 561
35. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, Qismət, 2006, səh 172
36. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, Qismət, 2006, səh 173
37. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, Qismət, 2006, səh 175
38. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 563
39. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 564
40. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, 2006, səh 179
41. Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 242.
42. Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 246


Sadig Garayev Mingeçevir
17.09.2024 20:58:48
Kafkaz-İslam ordusunun komandanı Nuri Paşa'yı ve şehitlerimizi Bakü'nün ermeni daşnak bolşevik-rus işğalçılarından azad edilmesinin 106-cı ildönümünde Rahmet ve Minnet'le anıyoruz.

1918-ci il. Qafqaz İslam Ordusu. Azərbaycanın erməni-daşnak və rus-kommunist işğalçılarından azad edilməsi

Kurban Vahidov

16.09.2024 16:06:00

Oltu Dernekler Federasyonu’nun Birlik ve Beraberlik Gecesi Kocaeli’de Coşkulu Bir Katılımla Gerçekleşti

Erzurum’da Asayiş BerKadir…

DADAŞLAR BİR ÜST TURDA..

Karbonmonoksit zehirlenmesi şüphesiyle 21 işçi tedavi altına alındı

Hakan Oral; el emeğine saygı topluma saygıdır…

Erzurum Belediyesi Personelinden Engelliler gününde örnek davranış…

İbrahim Erkal Kültür Merkezinde çok özel bir program yapıldı

ATATÜRK ÜNİVERSİTESİNDE "MUTLU ŞEHİR ERZURUM" PROJESİNİN AÇILIŞI GERÇEKLEŞTİRİLDİ

Atatürk Üniversitesinde Engelliler Günü Farkındalık Programı Düzenlendi

Rektör Hacımüftüoğlu, Birim Ziyaretlerine Başladı

LİG TABLOSU

Takım O G M B Av P
1.Galatasaray 13 11 0 2 22 35
2.Fenerbahçe 13 10 1 2 24 32
3.Samsunspor 14 9 3 2 15 29
4.Eyüpspor 14 6 3 5 6 23
5.Beşiktaş 13 6 3 4 7 22
6.Göztepe 13 6 4 3 5 21
7.İstanbul Başakşehir 13 5 4 4 3 19
8.Rizespor 13 6 6 1 -5 19
9.Sivasspor 14 5 6 3 -4 18
10.Konyaspor 14 5 6 3 -5 18
11.Antalyaspor 13 5 6 2 -8 17
12.Trabzonspor 13 3 4 6 2 15
13.Gazişehir Gaziantep 13 4 6 3 -2 15
14.Kasımpaşa 13 3 4 6 -3 15
15.Alanyaspor 13 3 5 5 -4 14
16.Kayserispor 13 2 5 6 -12 12
17.Bodrum FK 14 3 9 2 -11 11
18.Hatayspor 13 1 7 5 -8 8
19.Adana Demirspor 13 0 11 2 -22 2

YAZARLAR